Dünya Azərbaycanlıların Həmrəylik Günü hər il 31 dekabrda qeyd olunur. Bu gün, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyini və həmrəyliyini simvollaşdıran mühüm bir gündür. 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilməyə başlanmışdır. Həmrəylik Günü həmçinin müxtəlif ölkələrdəki Azərbaycan diasporunun fəaliyyətlərini qeyd etmək və onların birgə fəaliyyətlərini təşviq etmək məqsədi güdür. Dünya Azərbaycanlıların Həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
HƏMRƏYLİK GÜNÜ – XALQIMIZIN MÜBARİZLİYİ
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlıların həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzər alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Dünya azərbaycanlıların milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlilərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
HƏMRƏYLİK GÜNÜ- MİLLİ DƏYƏRİMİZ
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya Azərbaycanlıların birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
“ Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”– Ulu Öndər
Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Sübiyyə Hüseynova
Bakı Qızlar Universitetinin tələbəsi
Nəsimi rayon gənci