İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır.
İlin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları tarixi nəticə əldə ediblər. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülüb, komanda hesabında ölkəmiz 30-cu yerdə qərarlaşıb. Bu, da idmanımızın tarixində ən yüksək nəticədir. Bütövlükdə isə iki yüzdən çox milli komandanın iştirak etdiyi Olimpiya Oyunlarında 30-cu olmaq çox böyük nailiyyətdir.
Müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yerə çıxmışdır. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.
Görüşdə qeyd edilib ki, Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Bu gün dünyada gedən proseslərin göz qabağında olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik”.
Prezident İlham Əliyev mərasimdəki çıxışında gələn ildən Gəncə şəhərində həyata keçiriləcək böyük təmir-bərpa işlərindən danışıb. O, deyib ki, həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin.
İşğaldan azad edilmiş ərazilərdə həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. “Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, – hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, – yeni həyat qurulur, özü də müasir, gözəl, rahat”, – deyə dövlətimizin başçısı əlavə edib.
Son 21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının reallığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.
Sənan Hüseynov
ADNSU III kurs tələbəsi,
Nyu-York Elmlər Akademiyasının üzvü