Hadisənin səbəbləri barədə indi heç nə deyə bilmərik.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə suala cavabında deyib.
Nazir bildirib ki, Qazaxıstan tərəfindən istintaq qrupu yaradılıb: “Eyni zamanda bizim də Baş Prokurorluq və Mülki Aviasiya Qurumunun nümayəndələri də orada iştirak edir. Ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasına səbəblər barədə açıqlama veriləcək”.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Təyyarənin sərnişinlərindən 37-si Azərbaycan (23-ü həlak olub), 16-sı Rusiya (7-si həlak olub), 6-sı Qazaxıstan (hamısı həlak olub), 3-ü Qırğızıstan vətəndaşı (hamısı sağ qalıb) olub. 5 ekipaj üzvündən isə 2-si həlak olub, 3-ü sağ qalıb.
Prezident İlham Əliyev də təyyarə qəzası ilə bağlı müşavirədə bildirib ki, qəzanın səbəbləri bəlli deyil, müxtəlif versiyalar var, məsələ tam araşdırılmalıdır.