Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında 26 Azərbaycan vətəndaşı ölüb.

Heftelik.az-ın məlumatına görə, bu,  təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının bu gün keçirilən iclasında açıqlanıb.

Bildirilib ki, qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlər görülür. Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Bundan öncə Azərbaycan Səhiyyə Nazirliyi təyyarə qəzasında ölən 25 Azərbaycan vətəndaşının adının yer aldığı sıyahı açıqlamışdı.