Turizm müasir dünyada iqtisadi baxımdan ən gəlirli və sürətlə inkişaf edən biznes sahələrindən biri olaraq, hər bir dövlətin çoğrafi resurslarını, mədəniyyətini, tarixini təbliğ etmək, təbiətini və s. tanıtmaq vasitəsinə çevrilib. Yekunlaşmaqda olan 2024-ci il ölkəmizdə sosial-iqtisadi inkişafın sürətlənməsi fonunda turizm sektorunun daha da yüksəlişi baxımından uğurlu mərhələ kimi dəyərləndirilə bilər.
Təhlükəsizlik adası kimi tanınan Azərbaycanda hökm-sürən ictimai-siyasi, makroiqtisadi sabitlik, tolerant və multikultural mühit, yüksək mədəni tərəqqi, habelə bir sıra ölkələrlə viza rejiminin sadələşdirilməsi tədbirləri ölkəmizin turizm cəlbediciliyinə müsbət təsir göstərir. Dünyadakı geosiyasi gərginliklər, müharibə və münaqişələr fonunda ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələrinin genişlənməsi, habelə Bakıda təşkil olunan beynəlxalq miqyaslı müxtəlif tədbirlər turizm sahəsinin davamlı inkişafını təmin edir.
Ukraynadakı müharibə ilə əlaqədar Avropa və digər bir sıra ölkələrin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar ölkəmizin regional turizm marşrutu kimi əhəmiyyətini artırıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2,4 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbinin, yaxud vətəndaşlığı olmayan şəxsin gəlişi turizm sektorunun dinamik inkişaf mərhələsində olduğunu deməyə ciddi əsaslar verir. Azərbaycana gələn turistlər arasında ilk üç yeri Rusiya, Çin, Hindistandan gələn qonaqlar təşkil edib.
Nüfuzlu beynəlxalq tədbirlərin Bakıda təşkili paytaxtın müasirliklə qədimiliyin sintezinə əsaslanan unikal şəhər simasını bütün dünyaya nümayiş etdirir. İlin ötən dövründə paytaxtda təşkil edilən “Formula-1” yarışları və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəyə turist axının sürətlənməsinə ciddi təkan verib. Rəsmi məlumatlara əsasən, Bakıda indiyədək keçirilmiş “Formula-1” yarışları ölkə iqtisadiyyatına ümumilikdə 600 milyon dollara yaxın gəlir gətirib. Bu yarışlar, habelə digər beynəlxalq tədbirlər əsasən, turizm və mehmanxana, nəqliyyat, ictimai iaşə və xidmət sektorunun inkişafına müsbət təsir göstərib.
Noyabr ayında Bakıda yüksək səviyyədə təşkil edilmiş COP29 konfransı “Mastercard Advisors” biznes konsultasiya xidmətinin hesabatına əsasən, COP29 günlərində ölkəyə turist axını 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 148 faiz çox olub. Bu rəqəm 2024-cü ilin “Formula-1” həftəsi ilə müqayisədə 16 dəfə çoxdur. COP29 günlərində nəğdsiz qaydada aparılan maliyyə əməliyyatlarının həcmi 236, sayı 178 faiz artıb. Paytaxt Bakıdan kənar bölgələrdə tranzaksiyaların həcmi 128 faiz yüksəlib və bu da tədbirin ölkə üzrə böyük təsirini nümayiş etdirib. COP29 dövründə Azərbaycana Braziliya, Almaniya, ABŞ və Böyük Britaniya kimi əsas bazarlardan gələn ziyarətçilərin xərcləmələrində kəskin artım müşahidə olunub.
Bu göstəricilər COP29-un dayanıqlı inkişaf üçün gücləndirici rolunu və ölkəmizin qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyib. Tədbir şərçivəsində noyabrın 20-də keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşüə ekoloji tarazılığın pozulmasının, ətraf mühitin çirkləməsinin turizm sektoruna təsirləri mövzusunda aparılan mühüm müzakirələrlə diqqəti çəkib. Tədbirdə xüsusi qeyd olunub ki, dünya ölkələrinin iqtisadiyyatında vacib rol oynayan turizm sektorunun inkişafı ekosistemin qorunmasını, havanın, suyun, yer səthinin karbon qazı emissiyalarının və digər çirkləndiricilərin təsirlərindən qorunmasını zəruri edir. Hazırda qlobal emissiyaların 8,8 faizi turizm sektorunda yaranır və bunun da 70 faizi sırf nəqliyyat vasitələrinin payına düşür. Bu rəqəmlər turizm sektoruna yeni baxışı və emissiyaların azaldılması imkanlarını nəzərdən keçirməyi tələb edir.
Xüsusi vurğulamaq lazımdır ki, 2023-cü ildə dövlət suverenliyimizin tam bərpasından sonra azad edilmiş ərazilərin iqtisadiyyatın əlavə dəyər yaradan sektorlarının, o cümlədən turizmin dövriyyəyə cəlb edilməsinə geniş imkanlar açılıb. İl ərzində keçirilən qlobal turizm forumlarında azad edilmiş ərazilərimizin rəqabətədavamlı turizm məkanına çevrilmək potensialı yüksək dəyərləndirilib. Dünya miqyasında tanınmış blogerlərin, nüfuzlu turizm şirkətlərinin təmsilçilərinin, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin və s. azad edilmiş ərazilərə müntəzəm səfərlərinin təşkili də ölkəmizin turizm potensialının təbliği baxımından səmərəli nəticələr verib.
Qarabağ və Şərqi Zəngəzur bölgəsinin əlverişli turizm zonasına çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər qlobal miqyasda maraqla qarşılanır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixdə imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı müasir trendləri özündə əks etdirməklə yanaşı, ekoloji turizmin inkişafına etibarlı zəmin formalaşdırır. Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nda Kəlbəcər, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilir.
Nəqliyyat infrastrukturunun bərpası, habelə Füzulidə, Zəngilanda və Laçında yeni beynəlxalq hava limanlarının inşası bölgədə biznesin bütün sektorlarının inkişafına yeni imkanlar açır. Qarabağda turizmin inkişafına təkan verəcək mühüm layihələrdən biri də Zəngəzur dəhlizinin reallaşdırılması olacaq. Yeni nəqliyyat və dəmir yolu xətti marşrutlarından istifadə təkcə region deyil, Avropa və Şərq ölkələri üçün də cəlbedicidir.
MTM Analitik Qrup