Ötən il qaçaqmalçılıq ittihamı ilə həbs edilmiş jurnalist Şamo Emin azadlığa buraxılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Qafazinfo”ya vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil deyib ki, Şamo Eminin həm həbsdə saxlama, həm də istintaq müddəti başa çatıb. Cinayət işinə isə xitam verilməyib.
Xatırladaq ki, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və əməkdaşı Şamo Eminov ötən il noyabrın ayında saxlanılıb.
Əziz Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra ona və Şamo Eminova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Əziz Orucov barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.