Tiktoker Zəhra Abbasova ev dustaqlığına buraxılıb.

Heftelik.az-ın “Unikal”a istinadən verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Lakin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə tiktoker barəsində seçilmiş 4 aylıq ibtidai istintaq davam edir.

Xatırladaq ki, Zəhra Abbasova bu yaxınlarda polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılmışdı.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. Dekabrın 26-da Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları da həbs ediliblər. Həmin gün həmçinin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Vaqa” ləqəbli Vüqar Zeynalzadə və “Nuh” ləqəbli Nuh Məmmədov, o cümlədən tiktoker Zəhra Abbasova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.