Moskvada “Crocus City Hall” konsert kompleksindəki terror aktını törədənlərlə əlaqəsi olduğu müəyyən edilən 5 şübhəli haqqında İstanbulda məhkəmə işi açılıb.

Heftelik.az-ın Anadolu-ya istinadən verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən hazırlanan ittihamnamədə təqsirləndirilən şəxslərin Moskvada terror aktını törədənlər ilə əlaqə saxladıqları qeyd edilib.

İttiham aktında təqsirləndirilən şəxslər Hofizjon Usmonov, Muteullo Asoev, Rahmatullo Salikov, Muhammadrahim Faizov və Hamza Muhammedin “silahlı terror təşkilatına üzv olmaq” cinayətinə görə 7,5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
İstanbul 25-ci Ağır Cəza Məhkəməsi iddianaməni qəbul edib.

Qeyd edək ki, 2024-cü il martın 22-də Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 139 nəfər ölüb. Həmin gün Xalq artisti Röya Ayxanın “Crocus City Hall”-da konsertinin nəzərdə tutulduğu məlum olmuşdu. Terrorçuların hücumu konsert başlamamışdan 2 dəqiqə öncə olub və Moskvadakı azərbaycanlıların da konsertə bilet aldıqları məlumdur. Röya “İnstagram”-da görüntülü paylaşımında terrorçuların ikinci zala hücum etdiyini,  sağ olduqlarının bildirmişdi.

Martın 25-də Moskvanın Basmannıy Rayon məhkəməsi “Crocus City Hall” konsert salonunda terror aktı törətməkdə şübhəli bilinən dörd nəfər barəsində həbs qətimkan qərarı çıxarıb. Terror aktını törətməkdə şübhəli bilinən Mirzəyev Dalercon, Muhammadsobir Fayzov, Saidakrami Raçabalizode və Şamsidin Fariduni barəsində məhkəmə mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi qərarını verib.

“Crocus City Hall”  Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.