Bu gün Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib, 31 yanvara qədər bu sahə üzrə müvafiq sənədlərinin nazirliyə təqdim edilməli olduğu nəzərə çatdırılıb. Plastik cərrahlardan şikayət isə səngimir. Bir il öncə burnunu əməliyyat etdirən Təranə Cabbarova lor həkimi, estetik cərrah Azər Əbilzadədən şikayətçidir.
Heftelik.az-ın məlumatına görə, Oxu.az-a şikayət ünvanlayan Təranə Cabbarova bildirib ki, əməliyyatından bir il keçməsinə baxmayaraq, burnu hələ də əyridir: “Bir il öncə burnumdakı çəpər əyriliyindən dolayı başımda ağrılar, nəfəsalmada çətinliklərim olurdu. Buna görə də mən burnumu əməliyyat etdirmək üçün lor həkimi, estetik cərrah Azər Əbilzadənin yanına getdim. 1300 manata burnumu əməliyyat etdirdim. Əməliyyatın 7-ci günü burnumun üzəri açılanda əyri olduğunu gördüm. Həkim dedi ki, burnum hələ ki, şişdir. Şiş çəkiləndə düzələcək. 1 il mən bu formada get-gəl etmişəm. Burnumdakı batıq mənə nəfəs darlığı verir. Mən deyəndə burunun korreksiyası olur, o dedi ki, bəli olur. Buna görə də 1 il keçəndən sonra burnumu korreksiya etdi. Artıq 2-ci ayıdır, yenə də burnum eyni vəziyyətdədir. Başqa həkimlər dedilər ki, burnum korreksiya edilməməli idi, revizyon burun əməliyyatı edilməlidir. Mən korreksiyadan sonra da iki dəfə həkimin yanına getmişəm. Birinci dəfə sarğı açılanda əyri görünmədi, amma ikinci dəfə yanına gedəndə artıq şiş çəkilmişdi, burnum yenə də eyni vəziyyətdə idi. Sonra kosmetoloqa getdim, o dedi ki, dolğu edək. Mən isə dolğu etmək istəmirəm. Çünki dolğunu müəyyən müddətdən bir hər zaman yeniləməliyim. Mənim burnum uğursuz əməliyyat edilib, buna görə də əməliyyat üçün verdiyim ödənişin geri qaytarılmasını istəyirəm”.
Məsələ ilə bağlı Azər Əbilzadə özünə əziyyət verərək sualları cavablandırmayıb, köməkçisi Ellada Sadıqlı Oxu.az-a açıqlamasında günahı əməliyyatdan sonra çöküntü yaranan, burnu əyilən xanımın üzərinə atıb. İddiası da budur ki, xanım əməliyyatdan sonra burnunu masaş etməli imiş. Korreksiyadan sonra problemin aradan qalxmamasının da günahını pasiyentdə axtarır: “Bu yaşdakı pasiyentin burnunun korreksiyadan 2 ay keçdikdən sonra formalaşması çətindir. Burnu əyri deyil, hazırda müəyyən qədər şişlər var. Xanım bir neçə həkimə müraciət edib. Deyirlər ki, əməliyyatdan yeni çıxıb, burunun harasını əməliyyat edək? Xanımın getdiyi kosmetoloq da tanışımızdır. O dedi ki, ikinci əməliyyata ehtiyac yoxdur, sadəcə burnun yanında çökəklik var, ora təbii dolğu vuraraq düzəltmək olar. Xanımın özü bura gəlib çıxmaq istəmir. Bugünkü gündə bizdən pulu istəyir. Bu gün “Mən kart atım, pul atın” deyən sabah da “Şantaj edib” deyə bilər…”.