Bakıda avtobus qəza törədib, ölən var.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Qaradağ rayonunda baş verib.
Faktla bağlı Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.
Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobilinə çırpılıb: “Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb”.
Faktla bağlı araşdırılma aparılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib. Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
TƏBİB-dən bildirilib ki, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Dərhal hadisə yerinə briqada cəlb olunub.
Xəsarət alan 2 nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
1 nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.