Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb.

Heftelik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.

“Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Mənim Sərəncamımla ekipaj üzvləri ilə vida mərasimindən sonra ekipajın üç üzvü – iki pilot və bir bələdçi Milli Qəhrəman adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı”, – deyə dövlət başçısı vurğulayıb.