Bərk və maye məişət tullantılarının zərərsizləşdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) və ya xüsusi emal və zərərsizləşdirmə qurğularında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Tullantıların istənilən ərazilərdə yerləşdirilməsinə, həmçinin kənd təsərrüfatı sahələrində gübrə kimi istifadəsinə yol verilmir. Bərk məişət tullantılarının saxlanılması və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respubli-kasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.