Tutumların yerləşdirilməsi üçün ayrılmış meydançaların qarşısı tullantı daşıyan avtomaşınların yaxınlaşması üçün boş saxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Dəri-zöhrəvi, infeksion, onkoloji, cərrahiyyə və s. şöbələrin tullantıları həcmi 50, 100, 120, 240 litr olan və kip bağlanan qapaqlı hermetik tutumlara yığılmalıdır. Bu cür tullantıların poliqonlara daşınması yolverilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılışdırıldıqdan sonra həmin tullantılar xüsusi sobalarda yandırılmalıdır. Tutumların yerləşdirilməsi üçün meydançaların ölçüləri 40 m2-dən az olmamalıdır və meydançalar müalicə korpuslarından, qida bloklarından 50 metr məsafədən az olmamaq şərtilə hazırlanmalıdır. Tullantılar ancaq tutumlarda yığılmalıdır. Müalicə-profilaktiki müəssisələrdə ancaq asan dezinfeksiya olunan tullantı tutumlarından istifadə edilməlidir. Tutumların sayı müalicə müəssisəsinin həyət ərazisinin hər 500-700 m2 sahəsinə bir tutum hesabı ilə müəyyən edilir. Bu müəssisələrin texniki personalı hər gün tutumları və onların altındakı meydançaları təmizləməli, yumalı və dezinfeksiya etməlidirlər.