Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

“Bakı Metropoliteni” QSC-dən Heftelik.az-a verilən xəbərə görə,  ilkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb: “Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Müvafiq araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.

Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur”.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 07.01.2025-ci il tarixində saat 21:50 radələrində “Ulduz” metrostansiyasından çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər şəxs (kişi cinsli) açıq kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.