Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib.
Daha sonra təqsirləndirilən Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov məhkəməyə vəsatət təqdim edib.
O, vəsatətində prosesin qismən araşdırma ilə keçirilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
İş məhkəmə baxışına verilib. Məhkəmə baxışı yanvarın 21-nə təyin olunub.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatını dövlət büdcəsinə ödəyib. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.