“Araz dəhlizi” layihəsi xüsusi əhəmiyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərəkən bildirilib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub, Azərbaycanda bu istiqamətdə böyük həcmli yüklərin olduğu bildirilib. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olunub. Azərbaycan, Rusiya və İran arasında elektrik xəttlərinin birləşdirilməsi məsələsinə toxunulub, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.