Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidovanın vəkili iştirak etməyib.

Hakim Azad Məcidov prosesin belə davam etməyindən yorulduğunu bildirib: “Prosesdən bir gün qabaq gah vəkil yazır ki, gəlmirəm, gah da Aynur Bayramova xəstələnir. Onu bura gətirtmək üçün qabaqcadan bildiriş vermişik. Biraz məsuliyyətli olun. Burda insanların övladlarından söhbət gedir. Onların borcları var, əziyyət çəkirlər”.

Aynur Bayramovanın vəkili etiraz edərək bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində problem olmağı ilə bağlı məhkəməyə vəsatətlər təqdim edib.
Zərərçəkən Mənsumə Hacıyeva məhkəməyə verdiyi ifadəsində qeyd edib ki, Nuridə Seyidovaya və Aynur Bayramovaya Çinar Plazada pul verib: “Mən aptekdə işləyirdim. Oradan dərman vasitələri alan bir xəstə mənə Aynur Bayramovanı tövsiyə elədi. Mənim qardaşımın oğlu da həmin xəstəlikdən əziyyət çəkir. Yanvar-Fevral aylarında getdim Çinar Plazada hər iki şəxsə şikayətimi bildirdim. Dedim ki, Türkiyədə “NS Hospital”ında donor tapılıb. Əməliyyat 83 min manatdır. A.Bayramova dedi ki, Nuridə Seyidovanın şirkətinin sponsorları var. O, kömək edə bilər Talessimiya mərkəzində yanına müalicəyə getdiyimiz həkimlərdən Akif hoca da Aynura inana biləcəyini söylədi. Bütün proseslərdə Aynurla əlaqəm olub. Məndən 10 min dolları aldı. Hazırda ikisi ilə bağlı da sənədim var. Sonra öyrəndik ki, bizə dələduzluq edilib. Daha sonra uşağı öz hesabımıza əməliyyat etdik, amma bizim xəstəxanaya borcumuz qalıb”.

Aynur Bayramovanın vəkilinin suallarını cavablandıran zərərçəkənə bildirib ki, Nuridə Seyidova pulu qaytaracağını söyləyib. “Aynur dedi ki, gedək pulu Nuridədən geri alaq. Mən də istədim gedim ərizə yazım, amma Nuridə dedi ki, əməliyyatı edə bilməyəcəksiz. Mən də çarəsiz qaldım. Bundan sonra hər ikisi də günahı bir-birinin boynuna atdı”.

Aynur Bayramova etiraz edərək bildirib ki, zərərçəkən düzgün danışmır.

Hakim Azad Məcidov isə ilk dəfə bir prosesdə təqsirləndirilən şəxsin pulu alıb zərərçəkəni bu cür ittiham etdiyini gördüyünü söyləyib.

Daha sonra pulun kimdə olduğu soruşulub. Aynur Bayramova da, Nuridə Seyidova da pulu götürmədiklərini söyləyiblər.
Məhkəmənin qərarı ilə zərərçəkənin istintaqa təqdim etdiyi səs yazıları dinlənilib. Orada Nuridə Seyidovanın pulu qaytaracağı ilə bağlı vədləri öz əksini tapıb.

Məhkəmədə ifadə verən Ömər Məmmədov zərərçəkənin hüquqi nümayəndəsidir. O, Nuridə Seyidovanı Aynur Bayramova vasitəsilə tanıyıb. “Biz Talessimiya Mərkəzində Akif hocanın gəlişini gözləyirdik. O, bizə bildirdi ki, buradakı vəsaiti tapmaqda çətinlik çəkənlərə Aynur Bayramova kömək edəcək. Biz A.Bayramovaya 10 min dollar verə verdik. Çinar Plazada ona həmin məbləği təqdim etdim. O da sayıb Nuridə Seyidovanın masasının üzərinə qoydu. Donor axtarışı üçün əlavə 300 manat da ödəmişəm. Dekabrda Aynur Bayramova dedi ki, Türkiyədə 4 nəfər donor tapılıb. Amma əməliyyat olmadı. Daha sonra Aynur Bayramova bizə pulu geri tələb etməklə bağlı mesaj göndərdi. Nuridə Seyidova da pulu geri verəcəyini söylədi. Mən həmin məbləği hər ikisindən də tələb edirəm”.

N.Seyidova bildirib ki, problem böyüməsin deyə belə bir addım atıb: “Mən istəyirdim sizə zərəri ödəyim ki, problem yaranmasın. Çünki, imzalar mənim şirkətimə məxsus olub. Amma Aynur Bayramova pulu alıb. Sonra da özünü təmizə çıxarmaq üçün günahı mənim üzərimə atıb”.

Zərərçəkən Elnur İsbəndiyarovun bildirib ki, ona da həmin vədlər verilib və aldadılıb: “Talessimiya mərkəzində Akif hoca mənə Aynur Bayramovanı tövsiyə etdi. A.Bayramova da məni tələsdirdi ki, pul tap ver, övladını əməliyyat edək. Mən onlara 25.500 manat pul verdim. Aynur pulu saydı, Nuridənin masasına qoydu. Amma heç nə etmədilər. Pulum batdı. Daha sonra övladımı özüm əməliyyat etdirdim. Lakin, övladım həyatını itirdi. İndi vəkillərə demək istəyirəm ki, mənim qızımın başına gələnlər sizin övladınızın başına gəlsə, təqsirləndiriləni müdafiə edərdinizmi? Onların verdiyi pulu aparıb övladınıza yemək ala bilərdinizmi? Mən bu pulu adını çəkdiyim hər iki şəxsdən tələb edirəm. Çünki, onlar Vətən Müharibəsi qazisini, veteranını və I Qarabağ müharibəsinin şəhidinin qızını aldadanda utanmadılar. Məsuliyyətsiz yanaşdılar. Artıq mənim onların xəstə balasına da yazığım gəlmir. Onların elədiyi hərəkət Azərbaycan qadını adına təhqirdir”.

Vəkillər bildirib ki, onlar təqsirləndirilən şəxsləri yox, onların hüquqlarını müdafiə edirlər.

Zərərçəkənlər təqsirləndirilən şəxslərin əmlakları müsadirə edilməsini istəyib. Bunun üçün məhkəmədən vəsatət qaldırmalarını xahiş ediblər.

Hakim Azad Məcidov isə bunun onların səlahiyyətində olmadığını söyləyib: “Mən bu təqsirləndirilənlər kimi yalan vəd verə bilmərəm. Cinayət Prossesual Məcəlləsinə uyğun qərar veriləcək”.

Zərərçəkən Mənsur Qarayev də oxşar ifadə verib: “Qızım talassimiya xəstəsidir. O, bu xəstəliyin ən yüksək səviyyəsi olan Beta talessimiyadan əziyyət çəkir. Ona mütəmadi qan köçürməsi lazımdır. Bu proses zamanı da orqanizmdəki dəmir orqanları zədələyir deyə, bahalı dərmanlar alırıq. Onun sadəcə bir əməliyyatı vardı. Donor isə xəstənin qardaşı və ya bacısından alınamalı idi. Təəssüf ki, ailəmizdə uyğun donor olmadı. Daha sonra Aynur Bayramova ilə tanış olduq. Mənə əməliyyatın 98 min manat olduğunu söylədi. Mən də dedim ki, ancaq 20-30 min tapa bilərəm. O, məni Nuridə Seyidova ilə tanış edib kömək edəcəyini söylədi. Digər zərərçəkənlərə verdiyi vədləri mənə də verdi. Mən də ona 25.500 manat pul verdim. Onlara şirinlik verdim, lakin götürmədilər. Etibar qazanmaq üçün bu əməli etdilər”.

Proses yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.