Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə və yığışdırılma sistemi məişət tullantılarının (yaşayış sahələrinin ərazisində toplanmış təsərrüfat-məişət, həmçinin yaşayış və ictimai binaların, ticarət müəssisələrinin, ictimai iaşə və mədəni-məişət sahələrinin tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının) məqsədyönlü yerləşdirilməsi, tezliklə kənar edilməsi, zərərsizləşdirilməsi və utilizə edilməsi tədbirlərini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri təmizlənmə obyektləridir. Bu Qaydalarda aidiyyəti qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur.