Şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin.

Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.

Tutumların sayının və həcminin müəyyən olunması üçün onlardan istifadə edəcək əhalinin sayı, tullantıların yığılma norması, tullantıların müvəqqəti saxlanılması müddəti nəzərə alınmalıdır. Tutumların həcmi tullantıların daha çox əmələ gəlmə dövründə faktiki yığıma əsasən hər bir nəfər üçün gündə azı 0,0042 m3 tullantı nəzərdə tutularaq hesablanmalıdır (tutumların sayı və həcmi aidiyyəti qurumlar tərəfindən müəyyən edilir və bu göstərici əmələ gələn tullantıların həcmindən asılı olaraq dəyişə bilər). Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır.