Aidiyyəti qurumlar, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin öhdəlikləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Aidiyyəti qurumlar, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər:
– yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə;
– hər bir xüsusiləşdirilmiş avtomaşın üçün marşrut qrafikini tərtib etməyə;
– istismar şəraitinin dəyişməsinə uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə;
– təsdiq olunmuş marşrut qrafikinin dəqiq yerinə yetirilməsini təmin etməyə;
– tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə;
– tullantıların daşınması üzrə xüsusiləşdirilmiş avtomaşınların başqa məqsədlər üçün istifadə edilməməsinə;
– tullantıların qarışmasına yol verməməyə;
– tullantılar avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə;
– məişət tullantılarının yığışdırılaraq daşınması üçün bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə yerinə yetirməyə;
– tullantıların uçotunu aparmağa borcludurlar.