İstifadəyə yararsız məişət tullantılarının həcminin azaldılması məqsədilə onların yandırılması üçün ekoloji-sanitar standartlara cavab verən xüsusi qurğular sobalar quraşdırılmalıdır. Sobalarda məişət tullantılarının tam yanması üçün lazımi temperatur rejiminə riayət olunmalıdır və yandırılan zaman ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə soba xüsusi avadanlıqla təmin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.

Tullantıların yandırılmasından əmələ gələn qalıqlar (kül) poliqonda basdırılmalıdır.    Poliqona gətirilən məişət tullantılarının uçotu poliqonun müvafiq işçiləri tərəfindən aparılır. Uçotda gətirilən tullantıların həcmi (avtomaşının tipi və onun yük yerinin həcminə əsasən hesablanır), tullantıların tərkibi, kim tərəfindən və hansı tarixdə gətirilməsi və s. məlumatlar göstərilir. Kənar şəxslərin poliqon ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə ərazi perimetri boyu çəpərlənərək keçidin qadağan olunduğu barədə xəbərdaredici qeydləri olan plakatlar qoyulmalıdır. Bu sahədə cavabdeh – balansında həmin poliqon olan hüquqi və ya fiziki şəxsdir.