Ayrı-ayrı obyektlərin, həmçinin müxtəlif yaşayış sahələrinin sanitar təmizlənməsi müəyyən yaşayış məntəqəsi üçün qəbul edilmiş müqavilə-qrafik əsasında xüsusi təyinatlı avtonəqliyyat vasitələri ilə həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.

Bərk məişət tullantıları tullantı daşıyan avtomaşınla, kanalizasiya sistemi olmayan yaşayış sahələrindən isə maye tullantılar vakuum qurğulu assenizasiya avtomaşını ilə çəkilərək daşınmalıdır. Tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti qurumlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır. Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır.