Tullantıların emalı zamanı ətraf mühitə və insan sağlamlığına real və potensial təhlükənin qarşısı alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında, metro girişlərində və s. ərazilərdə aidiyyəti qurumlar tərəfindən, vağzallarda, aeroportlarda, dəniz limanlarında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. Əhali çox olan yerlərdə tutumlar (urnalar) arası məsafə 40 metrdən çox, əhali az olan yerlərdə isə bu məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Tutumlar dolma həddindən asılı olmayaraq sistematik təmizlənməlidir. Ticarət obyektləri tərəfindən obyektlərin yanında və onlara bitişik ərazilərdə tutumlar qoyulmuş sahələrə məhsul ehtiyatlarının yerləşdirilməsinə və anbarlaşdırılmasına yol verilmir. Ətrafda 5 metr radiusunda ərazinin təmizlənməsini ticarət obyekti həyata keçirir.