Ötən ilin sonlarında yayılan məlumata görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.

33 yaşlı Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxlərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.
Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə – Usubov Zeynal Mütəllim oğlu, Məmmədzadə Babək Məhəmməd oğlu və İsrafilov Yadigar Şibi oğludur.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd etdiyimiz vasitə ilə dələduzluqla ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Heftelik.az xəbər verir ki, “qafqazinfo” zərərçəkmişlərə milyonluq zərər vurmaqda təqsirləndirilən Nizaminin kimliyi haqda məlumat əldə edib.
Uşaqlıqdan birja fəaliyyəti ilə maraqlanan Nizami AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Tanınmış soyadın davamçısı Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Cütlüyün toyu mediadan gizli saxlanılsa da, sonradan fotoları yayılıb.
Hazırda ağır cinayətə görə mühakimə edilən Alışan Nizami 2018-2019-cu illərdə elə əmisinin yanında-AzTV-nin İnformasiya və Texnologiya şöbəsinin müdir müavini işləyib.
Qeyd edək ki, Alışan Nizami Akif oğlunun oyunlarına qoşulub milyonlar itirənlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.
Dustaq birjaçı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Amma ittihamı qəbul etmir. Bu cinayət məhkəmə hökmü ilə təsdiqini taparsa, Alışan Nizami ömrünün 10-14 ilini həbsdə keçirməli olacaq.
Xatırladaq ki, Arif Alışanov 2019-cu ilin yanvarında Prezidentin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.