Ötən gün üç sahibkarın 4 milyon manatını ələ keçirmə ittihamı ilə həbs edilən birjaçı Nizami Alışan müğənni Elariz Məmmədoğlunun kürəkəni olduğu üzə çıxıb.

Heftelik.az-ın məlumatına görə,  uzun müddətdir ABŞ-da yaşayan müğənni Globalinfo.az-a açıqlamasında kürəkəni Nizami Alışanın həbsinə münasibət bildirib.

“Çox qəribədir, niyə soruşmurlar ki, Babək Məmmədzadə, Zeynal Usubov, Yadigar İsrafilov bu qədər pulu haradan əldə ediblər? Şər və böhtan atmaq asan bir işdir indiki vaxtda. Heç kim vicdan əzabı çəkmir. Mən Elariz Məmmədoğlu neçə ildir məşhur müğənni statusundayam, amma bu qədər vəsaiti təsəvvür edə bilmirəm”.

Fotoda: Nizami Alışan

Müğənni iddia edir ki, cinayət barəsində də ilk dəfə indi xəbərdar olub: “Bilmirəm, mən yaradıcı insan, incəsənət adamı olduğum üçün belə şeyləri məndən gizlədirlər. Yalnız sizdən öyrəndim”.

Qeyd edək ki, cinayətin üstünü Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi açıb.

İttihama görə, Nizami üç zərərçəkmişə valyuta alqı-satqısı ilə yaxşı gəlir vədi verib onların 4 milyon manatdan çox pulunu ələ keçirib.

Zərərçəkmişlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.

Fotoda: Zeynal Usubov 

Zeynal Usubov keçmiş daxili işlər naziri Ramil Usubovun qardaşı oğludur, Nərimanov rayon prokurorunun müavini olub.  Atası Mütəllim Usubov da uzun illər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləyib.

Nizami özü isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun bir neçə il əvvəl vəfat edən atası isə polkovnik Akif Alışanovdur. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.