Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün “Liv Bona Dea” hospitalında vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, hospital məlumatı təsdiqləyib.

Qeyd edək ki,burun əməliyyatı etdirən  Nəzrin Mansurova 4 gündən çoxdur ki, komada olub. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayılıb. Zərərçəkənin atası Aydın Abışzadə demişdi ki,  qızının vəziyyəti sonradan pisləşib: “Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”.

Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb: “Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz”.
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.