Yay mövsümündə təkmilləşdirilmiş örtüklü yolların və meydanların mexaniki sulanması və yuyulması şəhər və rayon icra hakimiyyətlərinin müvafiq qurumları tərəfindən planlı formada həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.

Yol örtükləri elə yuyulmalıdır ki, yol kənarında yığılmış çirkablar su şırnağı ilə səkiyə və yaşıllıq zolağına sıçramasın. Yüksək intensivli hərəkət olan küçələr (mikroiqlimin yaxşılaşdırılmasına ehtiyacı olan) ilin isti vaxtlarında sulanmalıdır. Yağış suları üçün kanalizasiya sistemi  olmayan yollarda tozu və çirklənməni azaltmaq məqsədilə süpürən-təmizləyən maşından istifadə edilməlidir. Küçələrdə, parklarda ağaclardan tökülmüş yarpaqlar vaxtlı-vaxtında yığışdırılmalıdır. Yığışdırılmış yarpaqlar xüsusi ayrılmış ərazilərə və ya kompostlaşdırma sahələrinə daşınmalıdır. Yaşayış sahələrində, park və bağlarda yarpaqların basdırılmasına, yandırılmasına yol verilmir. Buz qırıqlarının, çirklənmiş qarın səkilərə, yaşıllıq olan ərazilərə, yaşayış binalarının qarşısına və s. yerlərə yığılmasına yol verilmir.