Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
Prokurorluqdan Heftelik.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
burun əməliyyatı etdirən Nəzrin Mansurova 4 gündən çoxdur ki, komada olub. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayılıb. Zərərçəkənin atası Aydın Abışzadə demişdi ki, qızının vəziyyəti sonradan pisləşib: “Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”.