Ermənistan Qərb hərbi qüvvələrinin ərazisində yerləşdirilməsi prosesini sürətləndirməkdə, bunun hansı təhlükələrə gətirib çıxaracağı barədə edilən xəbərdarlıqları nəzərə almaqdan əvvəlki kimi imtina edir. Avropa İttifaqının mülki monitorinq missiyası adı altında NATO qüvvələrini ərazisinə yerləşdirən Ermənistan bu dəfə ABŞ güc strukturlarının təmsilçilərinin gəlişi üçün müvafiq zəmin hazırlayır. Sözügedən məsələ Ermənistan və ABŞ arasında imzalanan strateji tərəfdaşlıq haqqında xartiyada öz əksini tapıb.
Sənəd siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi, enerji, elm, təhsil, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edir. Tərəfdaşlıq həmçinin Ermənistanın hərbi və iqtisadi islahatların aparılması üçün ABŞ-dan yardım alacağını nəzərdə tutur. Qeyd edilməlidir ki, Ermənistandan başqa, postsovet ölkələri arasında yalnız Ukrayna ABŞ-la bənzər sənəd imzalayıb. Eyni sənəd Gürcüstanla imzalansa da, ABŞ onun icrasını dayandırıb. Ermənistanla imzalanan xartiya ABŞ-ın bu ölkədə artıq hərbi cəhətdən daha sürətlə möhkəmlənməsinə imkan verir. Xartiyanı ABŞ tərəfindən imzalayan dövlət katibi Antoni Blinken bu fonda maraqlı açıqlama verib, Amerika sərhədçilərinin Ermənistan ərazisində fəaliyyətə başlayacağını bildirib: “Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək, biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik”. ABŞ və Ermənistan strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılmasına da toxunan Blinken qeyd edib: “Biz iqtisadiyyat, təhlükəsizlik və müdafiə, demokratiya, inklüzivlik və şəxsiyyətlərarası münasibətlər sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq komissiyası yaradırıq”. Onun sözlərinə görə, ABŞ Ermənistanla ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində iş aparır. Sözügedən xartiyaya imza atan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkəsinə ABŞ tərəfindən verilən dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.
Baş verənlər Cənubi Qafqazda geosiyasi düzənə təsir edir və bu kontekstdə Rusiyanın məsələyə dərhal reaksiya verməsi də təəccüblü deyil. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamaq qərarının Ermənistanın suveren hüququ olduğunu bildirib. Amma onu da xüsusi vurğulayıb ki, ABŞ Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb: “Hətta bunun əksini demək olar. Bu hərəkətlər kontekstində Birləşmiş Ştatlar, əlbəttə ki, hər vəchlə yeni-yeni ölkələri öz arxasınca çəkməyə çalışır”. Qeyd olunmalıdır ki, Ermənistan Rusiya sərhədçiləri ilə işbirliyini dayandırması, onları tədricən öz ərazisindən çıxarması fonunda ABŞ sərhəd mühafizə qrupunu ölkəyə gətirir. Hadisələrin bu səpkidə inkişafı təbii ki, Kreml tərəfindən xoş qarşılanmır və Moskvanın müəyyən cavab tədbirlərinin olacağı gözləniləndir.
Rusiya diplomatiyasının 2024-cü il üçün yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı bu ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib ki, əsas ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması faktı deyil, ondan irəli gələn hallardır. Lavrovun fikrincə, Cənubi Qafqazda təhlükəsizlik problemlərinin həlli üçün ən məhsuldar format “3+3” platformasıdır. Amma görünən odur ki, Ermənistan bu yanaşmanı qəbul etmək istəmir və Qərblə, xüsusən də ABŞ-la müxtəlif istiqamətlər, o cümlədən hərbi sferada əməkdaşlıq əlaqələrini genişləndirir. Xatırlatmaq yerinə düşərdi ki, ABŞ və Ermənistan hökumətləri 2024-cü ilin iyununda Ermənistan-Amerika Strateji Dialoqunda ikitərəfli münasibətləri strateji tərəfdaşlığa yüksəltmək planları haqqında birgə bəyanat qəbul ediblər. Həmin ilin noyabrında Rusiyanın Xarici Kəşfiyyat Xidməti xəbərdarlıq etdi ki, Vaşinqton Ermənistanı “milli intihara” aparır. O da diqqətə çatdırıldı ki, amerikalılar Ermənistandakı ictimai-siyasi proseslərə davamlı anti-Rusiya xarakteri vermək vəzifəsini qarşıya qoyublar.
Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyində ABŞ-dan olan müşavir fəaliyyətə başlayıb. Cari ilin yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına qoşulması prosesinə başlamaq üçün qanun layihəsini dəstəkləyib. Kreml isə bildirir ki, İrəvanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına eyni vaxtda üzvlüyü mümkünsüzdür, o səbəbdən Ermənistan seçim etməlidir. Görünən odur ki, bu seçim Rusiyanın lehinə deyil. Elə bundan irəli gələrək Rusiyanın Ermənistanla bağlı siyasətində müəyyən korrektələr etməyə məcbur qalacağı, bunun artıq qaçılmaz proses olduğu aydın görünür. Şimal qonşumuzun ilk növbədə iqtisadi sahədə təsir vasitələrini işə salması indiki halda Ermənistan üçün sarsıdıcı zərbə olardı. Digər vasitələrdən istifadə də mümkün hesab edilir və hətta Ermənistanda ikinci “Ukrayna ssenarisi”nin ola biləcəyinə dair xəbərdarlıqlar da artır. Moskvanın NATO-nun digər üzvü olan Fransadan Ermənistana hərbi texnikanın tədarükü səbəbindən İrəvanla hərbi əməkdaşlığının artıq tədricən məhdudlaşması da buna zəmin yaradan başqa bir faktordur.
Cənubi Qafqaza qonşu olan İran üçün də Qərbin, o cümlədən ABŞ-ın Ermənistanda hərbi, iqtisadi və digər istiqamətlərdə möhkəmlənməsi müsbət heç nə vəd etmir. Xüsusən də yanvarın 20-dən ABŞ-da səlahiyyətlərinin icrasına başlayacaq yeni seçilmiş Prezident Donald Trampın İrana hansı münasibət bəsləməsi nəzərə alınarsa, Amerikanın Ermənistanı öz platsdarmına çevirmək niyyəti Tehrana yeni çoxsaylı problemlər vəd edir. Bu mənada İranın da artıq Ermənistan siyasətində düzəlişlər etməsi sözügedən ölkənin özü üçün vacibdir. Əks halda, baş verənlərdən zərər görən tərəflərdən biri məhz İran özü olacaq. Elə bu fonda Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanovun dedikləri olduqca maraqlıdır: “Ukrayna ilə ABŞ arasında 2021-ci ildə Strateji Tərəfdaşlıq Xartiyası adlı müqavilə imzalandı. Nizamnamənin 2-ci bölməsi “Təhlükəsizlik və Rusiya təcavüzünə qarşı mübarizə” adlanır. Ukrayna bundan nə əldə etdi? Ölkə yüz minlərlə qurbanı olan böyük bir müharibə cəbhəsinə çevrildi. Donbas və digər mühüm əraziləri itirdi”. O bildirir ki, indi də Ermənistan üçün təhdidlər artacaq: “Ermənistanın təhlükəsizliyini qorumaq üçün heç bir Qərb əsgəri gəlməyəcək. Belə qarışıq geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri korlamaq sadəcə olaraq axmaqlıqdır”.
Azərbaycana gəlincə, ölkəmiz ilk növbədə başqa ölkələrin hərbi təyinatlı qüvvələrinin sərhədmizdə yerləşməsinə qarşı olduğunu ən yüksək səviyyədə bəyan edib. Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh üçün əsas şərtlərdən biri başqa ölkələrin nümayəndələrini sərhədimizdə yerləşdirilməməsidir: “Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb”. Sülh üçün təhdid yaradan bu məsələni həll etmək əvəzinə, Ermənistan ABŞ xüsusi sərhəd mühafizə qrupunu ölkəyə gətirir, onların isə Azərbaycanla sərhəd zonasında da iş aparacağına heç bir şübhə yoxdur. Beləliklə, Ermənistan Azərbaycanla sülh üçün mühüm şərtlərdən birini pozur. Eyni zamanda Qərb ölkələri tərəfindən Ermənistanın silahlandırlması da sülhə xələl gətirir. Bütün bunlardan sonda ən çox zərər görənin Ermənistanın özü olacağına isə heç bir şübhə yoxdur.

MTM Analitik Qrup