Tullantıların atılması üçün zədəli, yaxud kustar üsulla hazırlanmış tutumlardan və ya başqa məqsədlər üçün nəzərdə tutulmuş qablardan (məsələn, çəllək, vedrə, taxta yeşiklər, torbalar və s.) istifadə olunması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Çimərlik bağlandıqdan sonra çimərliyin texniki personalı tərəfindən sahil, soyunub-geyinmə yerləri, yaşıllıq sahələri təmiz yığışdırılmalı, tutumlardakı tullantılar götürüldükdən sonra onlar yuyulmalı və dezinfeksiya edilməlidir. Gündüz isə ərazinin vaxtaşırı yığışdırılması həyata keçirilməlidir. Çimərlikdən yığılmış tullantılar səhər saat 8-dək daşınmalıdır. Tullantıların dənizə (çaya, gölə və s.) atılması, onların qumda (torpaqda) basdırılması yolverilməzdir. Bu barədə çimərliyin girişində və ərazisində məlumatlandırma lövhələri quraşdırılmalıdır. Lövhələrdə mətn Azərbaycan Respublikasının dövlət dilində, həmçinin ingilis və rus dillərində əks etdirilməlidir. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli və dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.