Boruların hər həftə təmizlənməsi, dezinfeksiya olunması üçün şərait yaradılmalıdır. Dezinfeksiya tədbirləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi təlimatlar üzrə və Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş maddə və məhlullardan istifadə etməklə binaların istismarı üzrə təşkilatlar, müəssisə və idarələrin yaşayış şöbələri, binaların məsul şəxsləri tərəfindən aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Tullantı borularının və tullantı qəbuledici kameraların ətrafı təmiz saxlanmalı, kamera tikilisindən başqa məqsədlər üçün istifadə edilməməlidir. Tullantı daşıyan avtomaşınların kameraya yan almasına maneçilik törədə bilən əşyalar və tikililər olmamalıdır. Bazarlarda, xəstəxanalarda, məktəblərdə və uşaq bağçalarında əmələ gələn tullantıların bir gündən artıq saxlanması xüsusilə yolverilməzdir.
Kanalizasiya sisteminə birləşdirilməmiş evlərdə və digər ev təsərrüfatlarında əmələ gələn maye məişət tullantılarının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla (bərk fraksiyaların ayrılması üçün) təmin olunmuş, divarları və dibi sukeçirməz olan çirkab quyusu hazırlanır. Həyətdə bir neçə ayaqyolu olduqda çirkab quyusu ümumi olmalıdır.