Ərazidə fəaliyyət göstərən ticarət, əyləncə, tibbi yardım və s. obyektlərdə əmələ gələn tullantılar həmin obyektlərə məxsus və üzərində obyektin adı qeyd edilən tutumlarda müvəqqəti yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Bu obyektlər öz tullantılarının yığılmasına, təhvil verilməsinə və ya daşınmasına cavabdehdir (bu işləri müqavilə əsasında, çimərlik balansında olan hüquqi və ya fiziki şəxslər də görə bilər). Tutumlarda tullantıların yanması və ya yandırılması hallarının qarşısının alınması məqsədilə çimərliyi idarə edən hüquqi və ya fiziki şəxslər tərəfindən çimərliklər yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir.
Çimərlik ərazisində hər 75 nəfərə 1 ədəd hesabı ilə ictimai ayaqyolular yerləşdirilməlidir. Sahildən ayaqyolularına qədər məsafə 50 metrdən az, 100 metrdən çox olmamalıdır. Əmələ gələn tullantıların (maye və bərk fraksiyalar) dənizə (çaya, gölə və s.) axıdılmasına yol verilmir. Çimərlikdəki sanitariya qovşaqları axar su ilə təmin edilməli və mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmalıdır və ya kanalizasiya şəbəkəsi olmayan çimərlik ərazilərindən kənarda modul tipli çirkab su təmizləyici qurğu quraşdırılmalıdır.