“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya təşkilatları ilə bağlanmış mülki-hüquqi müqavilələr əsasında fəaliyyət göstərən mediatorlar tərəfindən göstərilən mediasiya fəaliyyəti ilə bağlı mediatorlara ödənişi həyata keçirən mediasiya təşkilatı ödəmə mənbəyində vergini tutmağa və ödəmə mənbəyində tutulan vergilər barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına verməyə borcludurlar.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.

Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

– “Verginin hesablanması” bölməsində müvafiq olaraq hesabat dövrü ərzində müxtəlif mənbələr üzrə ödənilmiş məbləğlər və ödəmə mənbəyində tutulmuş vergi məbləği, habelə müvafiq güzəştlər və azadolmalar əks etdirilir.