Həyət ayaqyoluları yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20-100 metr məsafədə olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.

İctimai ayaqyolularının çirkab quyusunun dərinliyi qrunt sularının səviyyəsindən asılıdır, lakin 3 metrdən artıq olmamalıdır. Quyunun, yer səthinə 0,35 metr məsafə qalan qədər çirkablarla dolması yolverilməzdir. Quyu, dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərtilə təmizlənməlidir.

Məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, aidiyyəti qurumlar, həmçinin müqavilə əsasında tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. Tullantıların daşınmasını həyata keçirənlər onun avtomaşınlara yükləndiyi andan qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Tullantılar daşınarkən bu məqsədlə ayrılmış avtomaşınların yük yerinin üstü tullantılar yükləndikdən sonra onların ətraf ərazilərə səpələnməsinə yol verilməməsi üçün sukeçirməyən örtüklə kip örtülməlidir.