Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 70kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 17 yanvar saat 20:05 radələrində Abşeron rayonu, Atyalı, Z.Əliyeva küçəsində yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2, 7, 11, 14 yaşlı uşaqlar (3 kişi və 1 qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə, digər xəsarət alan 26 yaşlı şəxs (kişi cinsli) isə bədənin II və III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq mərkəzinə təxliyə olunub.