İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası, DİN İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsi, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-in birgə təşəbbüsü ilə “İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər” mövzusunda ictimai müzakirə keçirilib.
17 yanvar 2025-cü il tarixində İBİS Bakı mehmanxanasında keçirilən İctimai müzakirədə ƏƏSMN, TƏBİB, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli QHT Forumu, Beynəlxalq Miqrasiya Təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin(GIZ) nümayəndələri və Koalisiya üzvləri iştirak ediblər.
İctimai müzakirədə insan alverinə qarşı mübarizə sahəsində nailiyyətlər, yeni çağırışlar, onlara adekvat reaksiya, bu istiqamətdə QHT-lərin rolunun artırılması, qabaqcıl təcrübələrin tətbiqi məsələlərinin müzakirə olunub.
İctimai müzakirə “Prioritet” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “İnsan alverinə qarşı mübarizə sahəsində QHT-lərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilib.
DİN İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin əməkdaşı İbrahim Əhmədov, “İnsan alverinə qarşı mübarizədə nailiyyətlər və yeni çağırışlar” mövzusunda çıxış edib. Çıxışında İbrahim Əhmədov insan alverinə qarşı mübarizədə maarifləndirmənin və sosial platformaların düzgün istifadəsinin vacibliyini vurğulayıb: “Regionların kənd yerlərində belə insan alveri ilə bağlı məlumatlılıq azdır. Sosial platformalardan daha çox istifadə etməliyik. İnsan alveri ilə bağlı qısametrajlı filmlər çəkilir, lakin onların cəmiyyətə təbliği yetərli deyil. Bu filmləri paylaşaraq maarifləndirməni genişləndirmək mümkündür.”
İ.Əhmədov, həmçinin məktəblərdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin və maarifləndirmə tədbirlərinin əvəzsiz rolunu xüsusi vurğulayıb.
İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova “İnsan alverinə qarşı mübarizədə yeni çağırışlar və QHT-lərin rolunun gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Koslisiya sədri insan alverinə qarşı mübarizə sahəsində layihələri dəstəklədiyinə və ictimai müzakirənin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib.
M.Zeynalova qeyd edib ki, «Azərbaycanda insan alveri ilə mübarizə sahəsində kifayət qədər formalaşmış struktur və kadr potensialı mövcuddur. Ölkə artıq 5-ci Milli Fəaliyyət Planının qəbuluna hazırlaşır. Lakin insan alveri elə bir problemdir ki, daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq mütəşəkkil qruplar və sindikatlar bu sahədə yeni yollar və üsullar axtarır, buna görə də qanunvericilik və mübarizə alətləri yenilənməlidir. Məsələn, son dövrlərdə insan alverinin rəqəmsal cəlb etmə üsulları ortaya çıxıb və buna uyğun tədbirlər görülməlidir”.
Koalisiya sədri bildirib ki, ilin əvvəlində bu cür ictimai dinləmə keçirməklə yeni bir mütərəqqi ənənənin əsası qoyulur və cari il ərzində səmərəli planlaşdırma aparmağa və yekunları qiymətləndirməyə əhəmiyyətli kömək edəcək. Əlavə edib ki, müzakirəlrə çağırışları, xüsusən rəqəmsal texnologiyaların gətirdiyi çağırışları daha yaxşı başa düşməyə və reaksiya verməyə töhfə verəcək. Eyni zamanda dövlət qurumları QHT-lərin təkliflərini gözləntilərini eşidəcəklər. Bunlarla yanaşı, normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə əlaqədar ehtiyaclar də vurğulanacaq.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Ramil İskəndərli isə İnsan Alverinə Qarşı QHT Koalisiyasının işini dəstəklədiklərini vurğulayıb. O, qeyri-hökumət təşkilatlarının sahələrində ixtisaslaşmalarını və bacarıqlarının artırılmasını önə çəkərək, xüsusən insan alveri kimi kritik sahələrdə fəaliyyət göstərən təşkilatların fəaliyyətini dəstəklədiklərini qeyd edib:
“Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq, biz İnsan Alverinə qarşı QHT Koalisiyasının işini dəstəkləyirik. Ümumilikdə, qeyri-hökumət təşkilatlarının ixtisaslaşması, onların bacarıqlarının artırılması və xüsusilə insan alveri kimi xüsusi sahələrdə ixtisaslaşmalarını dəstəkləyirik və koalisiyanın hər bir işində uğurlar arzulayırıq. Koalisiyanın yenilənməsi mütərəqqi bir haldır. Yeni heyətin gəlməsi və fəaliyyət planı hazırlanması istiqamətində fəaliyyəti, həmçinin bugünkü ictimai müzakirələr formatında görüşün təşkil edilməsi də mütərəqqi bir addımdır. Bu, ictimai iştirakçılığın bir növüdür. Ümumilikdə isə qeyri-hökumət təşkilatlarının insan alverinə qarşı mübarizə sahəsində bir sıra rolu var. Bunlar əsasən maarifləndirici, təhsil, sosial, psixoloji və hüquqi reabilitasiya xidmətlərinin göstərilməsi, sığınacaqlar və digər fəaliyyətlərdən ibarətdir. Ümid edirik ki, gələcəkdə də bu koalisiya bu fəaliyyətləri uğurla həyata keçirəcək”.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimov çıxışı zamanı diqqətə çatdırıb ki, müxtəlif növ insan alverinə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələri iştirak etməlidirlər: “Bu problem milli dəyərlərə zidd olmaqla yanaşı cəmiyyətdə qanunsuz əməllərə yol açır. QHT-lər dövlət strukturları ilə birlikdə fəaliyyət göstərməli və maarifləndirməni gücləndirməlidirlər. İnsan alverinə qarşı mübarizədə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Sosial platformalarda videoçarxlar, mətnlər yerləşdirib insanları ucuz təbliğata uymamağa inandırmaq lazımdır”.
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəliyinin təmsilçisi ” Anar İskəndərov “İnsan alverinə qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübələr və Azərbaycan kontekstində tətbiqi” mövzusunda çıxış edib. O, açıq məlumat bazalarının (database) yaradılması, qurbanalaırn rəqəmsal cəlbolunmasına qarşı yeni üsulların tətbiqinin vacibliyini qeyd edib.
Tədbirdə insan alverinə qarşı mübarizənin aktual məsələləri və bu sahədəki yeni çağırışlar barədə geniş fikir mübadiləsi aparılıb. QHT-lər təklif və suallarını səsləndiriblər. Dövlət orqanları sualları cavablandırıblar və öz yanaşmalarını açıqlayıblar.