İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı Yol Patrul Xidməti avtomobili təhkim olunduğu inzibati ərazisində hərəkətdə olub.
DİN-in Mətbuat Xidmətindən Heftelik.az-a bildirilib ki, xidməti avtomobil xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edib.
DİN əlavə olaraq görüntüləri də təqdim edib.
Qeyd edək ki, yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2 məktəbli ölüb, 2 nəfər, o cümlədən yol polisi əməkdaşı da ağır xəsarət alıb.
Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50-də İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 33 yaşlı kişi və 10 yaşlı qıza ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.