İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.

DİN-in Mətbuat Xidmətindən Heftelik.az-a verilən məlumata görə, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2 məktəbli ölüb, 2 nəfər, o cümlədən yol polisi əməkdaşı da ağır xəsarət alıb.

Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50-də İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 33 yaşlı kişi və 10 yaşlı qıza ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.