İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.

Heftelik.az-ın  məlumatına görə, qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağırdır.

Yaralıların müalicəsi davam etdirilir.

Qeyd edək ki, Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2 məktəbli ölüb, 2 nəfər, o cümlədən yol polisi əməkdaşı da ağır xəsarət alıb.

Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50-də İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 33 yaşlı kişi və 10 yaşlı qıza ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.