Məişət tullantılarının boşaldıldığı yerdə (poliqonda) avtomaşınların yuyulması və dezinfeksiyası üçün məntəqə olmalıdır və avtomaşınlar boşaldıqdan sonra məntəqədə onların yuyulması və dezinfeksiyası təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Poliqonda məntəqə olmadıqda avtomaşınlar marşrutdan qayıdan kimi bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulan qurumların və şəxslərin məntəqəsində (müəssisədə də bu cür məntəqə nəzərdə tutulmalıdır) yuyulmalı, dezinfeksiya edilməli və yeni marşruta hazır vəziyyətə salınmalıdır. Avtomaşınlar yuyularkən əmələ gələn tullantı sulara məişət tullantılarının qalıqlarının düşməməsi üçün poliqonda avtomaşınlardan yük tam boşalmalıdır. Əmələ gələn tullantı sulan məntəqənin yaxınlığında hazırlanmış hovuza yığılmalıdır. Hovuz torpaqdan təcrid olunmalı və 2-3 pilləli mexaniki çökdürmə sistemi ilə təmin edilməlidir. Çökdürülən tullantı suları zərərsizləşdirildikdən sonra kanalizasiya xəttinə axıdılmalı, yığılan çöküntülər isə poliqona daşınmalıdır. Təhlükəli tullantıların daşınmasına əlavə tələblər müvafiq qanunla müəyyən edilir.