COP29-da iştirak edən və müasir dövrümüzün istedadlı gəclərindən sayılan süni intellekt mütəxəssisi maraqlı ideya təqdim edib.
Həftəlik.az “Bizim.Media” ya istinadən xəbər verir ki, 16 yaşlı azərbaycanlı şagird Orxan Məmmədov COP29-da mühüm tədbirlərin birində süni intellekt üzrə çıxışçı kimi iştirak etmişdi. O, hazırda Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alır və belə demək olarsa, süni intellekt mütəxəssisi olaraq bu mövzuda məqalələr hazırlayır.

O.Məmmədov COP29-da “Digital Innovation Pavilion”-da iqlim dəyişmələri barədə cəmiyyətin məlumatlandırılması mövzusunda UNESCO ilə birlikdə təşkil edilmiş tədbirdə çıxış edib. O, süni intellektin iqlim dəyişmələri ilə mübarizədə rolu və məzmun tövsiyə sistemləri kimi alqoritmlərin bu mövzuda ictimai məlumatlandırmanı necə formalaşdırdığı barədə danışıb.

O həmçinin bildirib ki, süni intellekt mövzusu üzrə onlayn kurslardan və universitet dərsliklərindən istifadə edir. Ona dəstək olan daha bir sistem isə ABŞ və Avropanın bir çox qabaqcıl universitetlərində öyrənmək istəyənlər üçün səxavətlə pulsuz təhsil resurslarının təqdim olunmasıdır.

Orxan Məmmədov bu işə yeni başlayanlar üçün öz əsas məsləhətinı verib: “Real layihələrdə işləyin və uğursuzluqdan qorxmayın. Kurslar və dərsliklər faydalı olsa da, praktiki təcrübə kompetensiyanın inkişafı üçün vacibdir”.

Müəllif: Türkan_zadə