Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan azyaşlı xəstəxanada ölüb.
Heftelik.az-ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, yanvarın 22-də saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.
Bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanıb, döş qəfəsi balonu yerləşdirilib. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulub və yüksək inotrop dəstəyi alıb.
Qeyd edək ki, yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.
İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.