İsmayıllı rayonunun Zərnava kəndində körpünün olmaması əhalini çətin vəziyyətlərə salır.
Həftəlik.az “Xəzər TV” yə istinadən xəbər verir ki, kənd sakinlərinin müraciətinə görə qış aylarında körpünün olmaması ilə əlaqədar olaraq rayona gediş-gəlir demək olar ki mümkünsüz hala gəlir.
Hətta xəstə, yaşlı adamların lazımlı yerlərə aparılması çox böyük əziyyətlərə səbəb olur. Belə ki, kəndə gəliş-gediş yalnız Girdiman çayı üzərində olan asma körpü vasitəsilə həyata keçirildiyi üçün çox çətinliklər yaradır. Həmçinin kənddən körpüyə qədər məsafənin 5 km-dən artıq olması yaşlılar üçün daha çox əziyyətə səbəb olur. Məhs buna görə də 130 evdən ibarət olan Zərnava kəndində artıq 30 ev boşalıb, sakinlər başqa yerə köçürlər.
Sakinlərin bildirdiyinə görə, yay aylarında Girdiman çayının səviyyəsi aşağı olan zaman müəyyən avtomobillərlə bu yolu keçmək mümkün olsa da bir az soyuq vaxtlarda və çayın səviyyəsi qalxan zaman bu vasitədən də istifadə etmək mümkünsüz olur.
İsmayıllı rayonu inzibati ərazi dairəsi üzrə nümayəndə Namiq Aslanovun bildirdiyinə görə, problemdən xəbərdardılar, Girdiman çayı üzərində avtomobil körpüsünün inşası labüddür. O qeyd edib ki, bu barədə aidiyyatı qurumlara müraciətlər olunub, lakin hələ bir konkret cavab alınmayıb.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin bildirdiyinə görə, Girdiman çayı üzərində körpünün tikilməsi ilə bağlı layihə artıq təqdim olunub, əgər verilən təkliflər qəbul olunarsa həmin ərazidə yeni və müasir bir avtomobil körpüsünün inşası baş tutacaqdır.
Müəllif: Türkan_zadə