Bakıda tikintisi 10 il əvvəl başlanan bina qəzalı vəziyyətdə olması ilə əlaqədar sakinlərə təhvil verilmır.
Həftəlik.az Xəzər Xəbər-ə istinadən məlumat verir ki, problem Bakı şəhəri, Xətai rayonu Kazımağa Kərimov küçəsində yaşanır. Ev sahiblərinin bildirdiyinə görə 10 ildir ki, ödəniş edib gözlədikləri 3 mərtəbəli bina hələ də təhvil verilmir. Səbəb olaraq isə göstərilir ki, binanın zirzəmisinə su dolub və qəzalı vəziyyətə düşüb.
Ev sahiblərinin iddialarına görə, binanın zirzəmisinə suyu rəhbərlik bilərəkdən doldurub ki, bina çöksün və onların ödənişi geri qaytarılmasın.
Sakinlərin digər narazılıqları odur ki, binanın rəhbərliyi tərəfindən ödənişlərin geri qaytarılması bildirilsə də onlar buna razı deyillər. Çünki, 10 il bundan öncə 2 otaqlı mənzil üçün verilən 35-36 000 AZN pula hazırda bu ölçüdə mənzil almaq mümkün deyil.
Həmçinin iddia olunur ki, həmin ərazi başqa bir şəxsə satıldığı üçün sahibkar müxtəlif bəhanələrlə binanın təhvil işlərini uzadır.
İddialarla bağlı binanın rəhbəri Saday Əhmədovla əlaqə saxlanılan zamanı o da binanın təhvil verilməməsinə zirzəmisinə dolan suyu səbəb gətirib. Həmçinin S. Əhmədov onu da bildirib ki, ev sahibləri 10 il ərzində 500-600 AZN ödənişlər ediblər: “Amma biz hazırıq ki, bu məbləği onlara bir dəfəyə ödəyək. Lakin, ev sahibləri bunu qəbul etmirlər”. O ki qaldı ərazinin başqa şəxsə satılmasına, şirkət direktoru bildirib ki, gələcəkdə hər şey ola bilər.
Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı bildirildi ki, hazırda araşdırmalar aparılır.
Müəllif: Türkan_zadə