Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması əsas hədəfdir və bu sahənin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur.
Həftəlik.az xəbər verir ki, Elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə modern.az-a müsahibəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması” fəaliyyət istiqaməti çərçivəsində məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50%-ə çatdırılması nəzərdə tutulub.
O həmçinin bildirib ki, məktəbəhazırlıq çərçivəsində 2024-2025-ci tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrində 6 minə yaxın qrupda 93 min nəfər məktəbəhazırlığa cəlb edilib, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 87 faizə çatdırılıb: “Bu məqsədlə dövlət büdcəsində əvvəlki illə müqayisədə 6.6 milyon manat çox olmaqla, 19.2 milyon manat vəsait nəzərdə tutulub”.
K. Kərimzadə qeyd edib ki, 2017-ci ildən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi tətbiq olunur:
“Layihənin məqsədi 3-5 yaşlı uşaqların sosial-emosional inkişaf, idrak və ümumi bilik və s. üzrə bacarıqlarının artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətinin artırılmasıdır. Layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb”.
Nazir müavini onu da bildirib ki, məktəbəqədər təhsil üzrə dövlət standartları və təhsil proqramının (kurikulumun) təkmilləşdirilməsi, bu sistemdə çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkili əsas hədəflərdəndir.