İşğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin qurulması məqsədilə ümumi və məktəbəqədər təhsil müəssisələrinin yaradılması əsas prioritetlərimizdəndir.
Həftəlik.az xəbər verir ki, bunu Elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə modern.az-a müsahibəsində bildirib.
O həmçinin deyib ki, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli təhsil xidmətləri ilə təmin edilməsi üçün təhsilin qabaqcıl standartlara uyğunlaşdırılması zəruridir:
“Əhalinin geri qayıdışına və bölgələrin xüsusiyyətlərini nəzərə alaraq ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası işi sürətlə davam etməkdədir”.
K.Kərimzadə onu da qeyd edib ki, iri şirkətlər tərəfindən məktəbəqədər və peşə təhsili müəssisələrinin tikintisinə təşviq edilməsi sahəsində işlər görülür.
Nazir müavininin sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 2 minə yaxın şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır, 270-dən çox təhsilverən çalışır.