Sabirabadın 9 kəndini birləşdirən yol acınacaqlı vəziyyətdə düşüb.
Həftəlik.az APA TV-yə istinadən məlumat verir ki, Kürqırağı adlanan magistral yol həm avtomobillərin, həmçinin sakinlərin istifadəsi üçün çətinliklər yaradır.
Sabirabadı Şirvanla birləşdirən bu yol daha 8 kəndin birləşdiyi magistraldır. Sakinlərin bildirdiyinə görə, yolun 46 km hissəsi sıradan çıxıb 25-30 km yol isə tamamilə yararsız haldadır. Hətta yol göstərici lövhələr belə çox köhnəlmiş vəziyyətdədir. Onlar həmçinin bildiriblər ki, artıq 15 ildən artıqdır ki, yol bu haldadır.
Qış aylarında, xüsusilə də yağıntı olan zaman sakinlər və sürücülər üçün daha da çətin vəziyyət olur. Belə ki, avtomobil ilə hərəkət zamanı yoldakı kələ-kötürlüklər su ilə dolu olduğu üçün təhlükə daha da artırır. Piyada yol gedən sakinlər də çox çətinliklə bu palçıqlı yol ilə hərəkət etməyə məcbur qalırlar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin bildirdiyinə görə, bu yolun istismarı keçən əsrin 70-80 ci illərindən başlanılıb, 2010-cu ildə məlum Kür daşqınları nəticəsində isə yolun bir neçə kilometrlik hissəsi tamamilə su altında qalıb. Bu səbəbdən 2015 ci ildə magistral xəttin ilk 10 km-i, 2023 cü ildə isə 42-46 cı km i təmir olunub. Yolun qalan 32 km olan hissəsi barədə isə aidiyyatı qurumlara məlumat verilərək təklif planı təqdim olunub. Təklif planı təstiqləndiyi halda yolun bu hissəsinin əsaslı şəkildə təmiri təşkil olunacaq.
Müəllif: Türkan_zadə