“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb.
Layihə Abşeron-Xızı Regional Təhsil İdarəsi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Qarabağ Regional Təhsil İdarəsi ilə əməkdaşlıq şəraitində hər təhsil idarəsinin tabeçiliyində olan 5 pilot məktəbi əhatə etməklə keçiriləcək.
Layihə çərçivəsində 15 orta məktəbdə “həmyaşıd vasitəçiliyi” barədə məlumatlandırma aparılacaq. Hazırlanıb çap edilən və pedaqoji münaqişələrin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi ilə bağlı məlumatların əks olunduğu “Həmyaşıd vasitəçiliyi” adlı buklet seçilmiş pilot siniflərdə şagirdlər arasında yayılacaq.
Daha sonra seçilmiş 15 məktəbin hər birindən bir nəfər psixoloq olmaqla 15 psixoloq və bir nəfər uşaq birliyi rəhbəri olmaqla 15 nəfər uşaq birliyi rəhbəri “həmyaşıd vasitəçiliyi”nin tətbiqi ilə bağlı 3 günlük onlayn təlimlərə cəlb olunacaq.
Bundan başqa seçilmiş 15 məktəbin VI-IX siniflərinin hər birində 1 sinif olmaqla 60 sinifdə mediator şagirdlər seçiləcək. Mediator şagirdlər 2 qrupda, hər birində 30 şagird olmaqla üç günlük (Bir gün psixoloq, bir gün mediator, bir gün “həmyaşıd vasitəçiliyi”nin tətbiqi təlimi) onlayn təlimə cəlb olunaraq mediator şagird kimi hazırlanacaq.
Mediator şagirdlər fəaliyyətləri dövründə daimi olaraq Mentor müəllimdən məsləhət ala biləcəklər. Neytral mediator şagirdlər iki və ya daha çox ziddiyyətli sinif yoldaşına razılığa gəlməyə kömək edən könüllü iştirakçı olacaqlar. O, tərəflərə nəsihət verməyəcək, münaqişədə olan tərəflərə ümumi maraqlarını müəyyən etməyə kömək edəcək. Hər iki tərəf üçün məqbul həll yolu tapmağa, ədalətli razılığa gələ bilmələri üçün qarşılıqlı fikir ayrılıqlarını müzakirə etməyə kömək edəcək.