Regionlar arasında ana ölümü ilə bağlı göstəricilər, regionlar arasında tibbi xidmətin keyfiyyətində olan ciddi fərqlər və bəzi xəstəliklər üzrə artım tempi ilə bağlı görüləcək işlər var.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

İsa Əliyev bildirib ki, qan dövranı, endokrin və tənəffüs orqanları sisteminin xəstəlikləri artır və bu, xəstələnmə hallarının 30%-ni əhatə edir: “Bu, elə bir xəstəliklərdir ki, ilkin səhiyyə xidmətində koordinasiyalı şəkildə idarə oluna və ya erkən aşkarlanma vasitəsilə azaldıla bilər.İlkin səhiyyə xidmətində əlçatanlıqda olan problemlərdən biri də tibbi personalın, kadr resurslarının azlığı ilə bağlıdır. On illiklər ərzində Azərbaycanda tibb müəssisələri tikilsə də, tibb personalı ixtisaslı yardıma yönəlib. Səhiyyə sahəsində maliyyənin böyük hissəsi də ixtisaslı tibbi yardıma yönəldilir. Bu, bütün dünyada olan problemdir. Dünya bunu necə həll edir? Biz 30-dan çox ölkənin səhiyyə xidmətini araşdırdıq. Bayaq sadaladığım problemlərin həlli üçün ilkin səhiyyə xidmətinin gücləndirilməsini dayaq kimi görürlər. ÜST-ün hesablamalarına görə, ilkin səhiyyə xidmətinin gücləndirilməsi aşağı gəlirli ölkələrdə 6- 7 il, yuxarı gəlirli ölkələrdə 2- 3 il insanların ömrünü artıra bilər”.