Azərbaycan kənd təsərrüfatı bazarında alma məhsuldarlığı getdikcə azalır.

Həftəlik.az “Xəzər Xəbərə”-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlub olub ki, məhsuldarlığın belə aşağı düşməsinə səbəb həm Rusiya bazarında Azərbaycandan gedən almaya tələbatın azalması, həm də alma bağlarının saylarının azalmasıdır. Belə ki, 2020-ci ildə 31.2 min hektar alma bağı mövcud idisə, 2023-cü ildə bu rəqəm 27.7 min hektara enib.

Fermerlərin bildirdiyinə görə, azalmalar əsasən almanın vətəni sayılan Quba və Xaçmaz rayonlarında müşahidə olunur. Onların bildirdiyinə görə, almanın ixracında olan problemlərdən əlavə, yay aylarında ağacların suvarılmasında da müxtəlif promlemlər yaşayırlar.

İqtisadçı Xalid Kərimlinin bildirdiyinə görə, son illər ərzində alma bağlarında azalmalar olsa da ixrac olunan məhsulda artım müşahidə olunur. Belə ki, Əgər 2023-cü ildə 57.250 min dollar məbləğində alma ixrac olunubsa, bu məbləğ 2024-cü ildə 61.900 dollara çatdırılıb. Xalid Kərimli həmçinin onu da bildirib ki, Rusiya son illərdə öz yerli alma sortlarından və Çindən gələn məhsullardan daha çox istifadə etdiyi üçün Azərbaycan meyvələrinə olan tələbatı azalıb:

“Yerli fermerlər hazır olmalıdırlar ki, Rusiyada digər ölkənin məhsulları ilə bizim məhsullar arasında ciddi rəqabət başlayıb. Ölkəmizdəki alma istehsalçıları alternativ yollardan istifadə edərək tək Rusiya bazarı üçün deyil, digər satış üçün əlverişli olan variantlar axtarıb tapmalıdır.”

Müəllif: Türkan_zadə